Telefonlardan, planşetlərdən maksimum uzaq durmalı, mümkün qədər açıq havada gəzməliyik
Demək olar ki, insanları sağlamlıqla bağlı ən çox narahat edən problemlər sırasında göz xəstəlikləri həmişə xüsusi yer tutub. Müasir dövrdə yeni texnologiyalardan ifrat dərəcədə istifadə olunması isə gözlə bağlı şikayətlərin sayını əhəmiyyətli dərəcədə artırıb. Mövzu ilə bağlı “Həftə içi” qəzetinin müsahibi akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin cərrah –oftalmoloqu Rəvanə Həsənovadır.
- Rəvanə xanım, Azərbaycanda ən çox rast gəlinən görmə patologiyaları hansılardır?
- Təkcə Azərbaycanda deyil, bütün dünyada ən geniş yayılmış göz xəstəliyi kataraktadır. Gözün içərisindəki büllurun şəffaflığını itirərək bulanıqlaşmasına və tədricən görmənin itməsinə səbəb olan bu xəstəliyin son həddində gözün rəngi mirvariyə oxşadığı üçün, xalq arasında ona “mirvari suyu” da deyilir. Bu əsasən yaşla bağlı xəstəlik olub, çox vaxt orta yaşdan yuxarı şəxslərdə əmələ gəlir. Şəkərli diabet xəstələrində, göz nahiyəsindən travma alanlarda, uzun müddət kortizolla müalicə olunanlarda da yarana bilər. Təəssüf ki, elə hallar var ki, müxtəlif səbəblərdən xəstələrə kömək etmək mümkün olmur. Ona görə də katarakta dünyada korluğa gətirib çıxaran patologiyalar arasında birinci yer tutur. İkinci yerdə qara su, üçüncü yerdə refraksiya problemləri, dördüncü yerdə isə əsasən uşaqlarda təsadüf olunan çəpgözlük dayanır. Bir məsələni də xüsusi olaraq vurğulamaq istəyirəm ki, hazırda ölkəmizdə uşaqların göz qüsuru ilə doğulması halı daha çox qohum nikahlar səbəbindən üstünlük təşkil edir. Bu çox narahatedici bir məsələdir. Ən acınacaqlısı isə odur ki, onların əksəriyyəti beynəlxalq tədqiqatlarında çox nadir rast gəlinən göz xəstəliyindən əziyyət çəkirlər. Təsəvvür edin ki, bu kimi hallar dünya praktikasında cəmi10-20 xəstədə görüldüyü halda, biz praktikamızda demək olar ki, ayda 2-3 belə sindromlu uşaqları görürük. Məsələn, toyuq korluğu, qara su, anadangəlmə qlaukoma, anadangəlmə katarakta, və s. bu kimi ağır xəstəliklər qohum nikahlardan yaranan ağır fəsadlardır. Mən həm də uşaqlarda tibbi ekspertiza komissiyasının həkimiyəm. Bizə əlilliklə bağlı müraciətlər olanda, həmin uşaqları görüb çox-çox pis oluruq. Hansı ki, biz valideynlərdən soruşuruq, onlar ya əmioğlu-əmiqızı, ya dayıoğlu-bibiqızı, ya xalaoğlu-xalaqızıdırlar. Bu ailələrin uşaqlarında çox ağır göz problemləri olur, hətta əksəriyyəti kor olur. Elə ailələr var ki, 4 övladının üçündə patalogiya aşkarlanır.
- Sizcə, göz xəstəlikləri daha çox anadangəlmə olur, yoxsa sonradan qazanılır?
- Anadangəlmə göz xəstəliklərinə adətən daha çox rast gəlinir. Məsələn, böyüklərdə qazanılmış mirvari suyu, qara su, şəkərli diabetə bağlı göz dibi problemlərinə rastlanılır. Amma uşaqlarda rast gəlinən göz xəstəliklərinin çoxu irsi xarakterlidir.
- Görmə ilə bağlı patologiyaların geniş yayılmasına səbəb nədir?
- Günümüzdə dediyim kimi, qohum nikahlar görmə patologiyalarının geniş yayılmasında əsas rol oynayır. Daha sonra uşaqlar arasında telefonlardan, planşetlərdən, televizordan çox istifadə olunması görmə ilə bağlı problemlər yaradır. Pandemiya dövründə vəziyyət bir qədər də ciddiləşib. Onlayn tədris səbəbindən uşaqlar günün çox hissəsini planşet, komputer, telefonla keçirirlər. Demək olar ki, uşaqların bu gün başqa bir məşğuliyyəti yoxdur. Bunun nəticəsində miopiya xəstəliyindən əziyyət çəkən uşaqların sayı artıb. Miopiya ev xəstəliyidir. Yəni, bunun əsas səbəbi insanların qapalı məkanlarda çox vaxt keçirməklə gözlərini təbii gün işığından məhrum etmələridir. Bunun da nəticəsində göz lazımi qida və vitamini ala bilmir. Kim ki, daim evdə kitab başında, telefon başında oturur, həmin şəxslərdə bu xəstəlik sürətlə inkişaf edir. Bizim gözümüz uzağa baxmaq üçündür, yaxına baxmaq üçün deyil. Biz də gözümüzü uzağa deyil, daima yaxına baxdırdığımızdan miopiya daha sürətlə inkişaf edir. Tutaq ki, 8 yaşlı uşağın göz ölçüsü 10 yaşlı uşağın göz ölçüsü ilə eynidirsə, bu uşağın nə qədər yaxına baxdığının göstəricidir. Nə qədər yaxına baxırıqsa, göz almasının ölçüsü bir o qədər sürətlə inkişaf edəcək. Miopiyanın aqressiv formada inkişafı özünü büruzə verəcək. Mənfi birlər mənfi üçlərə qalxır. Ona görə də yaxsı olardı ki, valideynlər uşaqlarının telefona, planşetə, televizora baxmasını nəzarətdə saxlasınlar. Yaxsı olar ki, uşaqlar onlayn dərslərə planşet və ya telefonla deyil,kompüterlə qatılsınlar. Elə ailələr var ki, 3 uşağı var və üçü də məktəblidir. Günümüzdə hər uşağa bir komputer almaq da mümkün deyil. Ona görə də çalışmaq lazımdır ki, onlayn dərslərin arasında yaranan fasilələrdə uşaqlar təmiz havada olsunlar, uzaq bir nöqtəyə baxsınlar. Onlayn dərs bitdikdən sonra uşaqları televizordan, telefondan çəkindirmək lazımdır. Onların istirahəti telefon, planşet deyil, təmiz hava olmalıdır. Günəş şüası insanın gözünə nə qədər təsir edərsə, onun gözündə mənfi sürətlə artmayacaq.
- Uzun müddət kompüter qarşısında oturmağın göz üçün hansı fəsadları var?
- Kompüterdən çox istifadə gözdə yorğunluq, zəiflik və quruluq yaradır. Bəzi insanlarda baş ağrıları müşahidə olunur. Bu problemləri aradan qaldırmaq üçün isə insanlara 1-2 saat işlədikdən sonra 15 dəqiqə fasilə vermək tövsiyə edilir. Normal halda gözlərimiz bir dəqiqədə 15-16 dəfə qırpılır. Biz kompüterə, televizora, kitaba baxanda isə qırpılma 2-3 dəfə azalır. Bu zaman gözdə quruluq sindromu yaranır. İşdə kompüterlə çox işləyən insanlara göz üçün spesifik dərmanlardan – göz quruluq sindromunu aradan götürən göz nəmləndiricilərindən istifadə etmək məsləhətdir. Bundan başqa, məsləhət görərdim ki, komputerdə çox vaxt keçirən insanlar evdə və ya iş yerində 2-3 dəqiqə hansısa bir uzaq nöqtə tutu b ona baxsınlar. Bu metod gözü həddindən artıq rahatlaşdırır. Və yaxun bunu edə bilməsələr başı arxaya gözü yumulu şəkildə tutmaqla da gözü dincəltmək mümkündür.
- Adətən, fəsil dəyişəndə insanlar müxtəlif xəstəliklərdən şikayətlənirlər. Bəs, yaz fəslində gözdə daha çox hansı problemlər müşahidə olunur?
- Biz hər il mart ayı girəndə artıq bilirik ki, allergik konyunktivitlər artacaq. Bu artıq adət halını alıb. Şikayətlər mart ayından iyun, iyula qədər davam edir. Payız aylarında, sentyabrdan başlayaraq belə şikayətlər yenidən artır. Əhalinin, təxminən, 15 faizi allergik konyunktivitdən əziyyət çəkir. Bu daha çox oğlan uşaqlarında özünü şiddətli formada göstərir. Gözqaşınması, qızartılar, yad cisim düşmə hissiyyatı, şişkinliklərlə xəstələr bizə müraciət edirlər. Biz hər zaman xəstələrə deyirik ki, qızartı, qaşınma başlayan zaman dərhal həkimə müraciət etsinlər. Bəzən insanlar bu cür narahatlıqlar hiss edəndə həkimə müraciət etmədən apteklərdən bəzi damcılar alırlar. Bu çox təhlükəli bir addımdır. Həmin damcılardan uzunmüddətli istifadə gözdaxili təzyiqi artırır, qara su, katarakta yaradır, hətta buynuz qişa da deşilir. Belə damcıları təyin etmirik, etsək belə, müvafiq sxem üzrə təyin edirik. Digər tərəfdən, allergiya zamanı xəstələr gözlərini durmadan ovxalayırlar. Bu olduqca qorxulu bir şeydir. Buynuz qişa nazik təbəqədən ibarətdir. Onu ovxalayan zaman buynuz qişanın forması dəyişilir və görmə pozğunluğu olan keratokonus kimi ciddi xəstəlik meydana çıxır. Bu xəstəlik müalicəyə çətin tabe olan və olduqca bahalı xəstəliklərdəndir. Yəni. ən sonda buynuz qişa transplantasiyasına keçir. Ona görə də allergik konyunktiv siptomları müşahidə olunan zaman mütləq həkimə müraciət etmək lazımdır.
- İnsanlara göz sağlamlığı uçün tövsiyələrinin nədir? Gözümüzün sağlamlığını necə qoruyaq?
- Həmişə deyirəm ki, şirniyyatdan, fast-food yeməklərindən, hazır qidalardan uzaq durmalıyıq. Bu göz üçün çox vacibdir. Göz qapaqlarının kənarında gözümüz üçün olduqca vacib meybom vəzləri var. Şirniyyat yeyəndə həmin vəzin funksiyası pozulur. Eyni zamanda, vurğuladığım kimi, telefonlardan, planşetlərdən maksimum uzaq durmalıyıq, mümkün qədər açıq havada gəzməliyik və s.